İmplantın markasını deyil, həkimi seçin. Müalicədən əvvəl həkimin diplomunu, ixtisasını, implantologiya üzrə təcrübəsini, sterilizasiya şəraitini və müalicə planını soruşun. Planın 3D tomoqrafiyaya əsaslanıb-əsaslanmadığını, riskləri və alternativləri öyrənin.
«İmplant qoymaq — implantoloq olmaq demək deyil»
Dr. Mirzəyevə görə, bu gün təhlükə yalnız diplomu olmayan saxta stomatoloqlar deyil. İmplantologiya sahəsində kifayət qədər bilik, cərrahi hazırlıq və təcrübə olmadan əməliyyat aparanlar da pasiyentin sağlamlığını ciddi riskə atırlar. İmplantasiya sadəcə implantı sümüyə yerləşdirmək deyil. Peşəkar implantologiya bunları tələb edir:
- düzgün diaqnostika və 3D (KLKT) planlama;
- çənə anatomiyasını yaxşı bilmək;
- sümük və yumşaq toxuma biologiyasını bilmək;
- implantı protez baxımından düzgün mövqeyə yerləşdirmək;
- cərrahi bacarıq və təcrübə;
- mümkün ağırlaşmaları idarə etmək bacarığı.
İmplant ətrafındakı yumşaq toxuma da uzunmüddətli uğurda həlledici rol oynayır. Yalnız sümüyə diqqət yetirib yumşaq toxumanı nəzərə almamaq düzgün implantoloji yanaşma deyil.
Səhv aparılmış implantasiyanın mümkün nəticələri
Sinir zədələnməsi, sümük itkisi, yumşaq toxuma problemləri, diş ətinin çəkilməsi, infeksiya və periimplantit, estetik və funksional problemlər, implantın itirilməsi.
Həkimə verilməli suallar (yoxlama siyahısı)
- Diplomunuz və ixtisasınız nədir? İmplantologiya üzrə harada təhsil almısınız?
- Bu növ əməliyyatı nə qədər müddətdir aparırsınız?
- Plan 3D tomoqrafiyaya əsaslanırmı? Mənim sümüyüm bu implant üçün kifayətdirmi?
- Sümük və ya yumşaq toxuma plastikası lazımdırmı? Niyə?
- Protezi kim hazırlayacaq? Plan ortopedlə birlikdə hazırlanıbmı?
- Hansı riskləri nəzərə almalıyam? Alternativ variantlar hansılardır?
- Mərhələlər hansılardır və təxmini müddət nə qədərdir? Bu müddətdə müvəqqəti dişim olacaqmı?
- Alətlər necə sterilizasiya olunur?
- Əməliyyatdan sonra nəzarət necə aparılacaq?
Diplomsuz «stomatoloq»lardan qorunun
Dr. Mirzəyev xəbərdarlıq edir: «Ağ xalat hər kəsi həkim etmir». Diplomsuz, səlahiyyətsiz və işini bilməyən şəxslərin müdaxiləsi infeksiya, sinir zədəsi, sümük itkisi, implantın uğursuzluğu və əlavə əməliyyatlarla nəticələnə bilər. Evdə dişə edilən hər müdaxilə də risk daşıyır. Yalnız ucuz qiymətə görə seçim etməyin: sağlamlıq barədə «ucuz» qərarlar gələcəkdə baha başa gələ bilər.
Həkimin etikası haqqında
Dr. Mirzəyevin fikrincə, «bacarmadığın əməliyyatı etmək cəsarət deyil — pasiyentin sağlamlığını təhlükəyə atmaqdır». İmplantologiyada lazımi təcrübəsi olmayan həkim öyrənməli, təcrübə qazanmalı, mürəkkəb halları isə daha təcrübəli həmkarına yönləndirməlidir. «Pasiyent sənin öyrənmək və təcrübə aparmaq obyektin deyil!»