Səbəblər
Bruksizm çoxsəbəbli problem hesab olunur:
- Psixoemosional amillər: stress, qəzəb, narahatlıq, gərginlik, gün ərzində yaşanan mənfi emosiyalar.
- Həyat tərzi: tütün, alkoqol, həddindən artıq kofein.
- Stomatoloji amillər: dişləm defektləri, dişlərin düzgün yerləşməməsi, artıq dişlər, sıxlıq, əskik dişlər, hündürlüyü düzgün seçilməmiş protez və ortodontik konstruksiyalar, hündür plomblar.
- Çənə oynağının xəstəlikləri və çənədə struktur pozuntular.
Əlamətlər və nəticələr
- Sağlam və bərpa olunmuş dişlərdə aşınma, qırıq, çat, pazşəkilli defekt.
- Dişlərdə həssaslıq.
- Təkrarlanan diş əti problemləri. Uzunmüddətli travma paradontitə və dişlərin laxlamasına gətirib çıxara bilər.
- Səhər çənədə yorğunluq və ağrı, üz əzələlərində ağrı, baş ağrısı.
- Yuxu keyfiyyətinin pisləşməsi, səhər yorğun oyanmaq.
- Çeynəmə əzələlərinin böyüməsi: çənə küncləri gözəçarpan olur, üz daha geniş görünür.
- Plombların və protezlərin ömrü qısalır.
- İmplantlar üçün risk: həddindən artıq yük implant sınığına səbəb ola bilər.
Problem müalicə olunmazsa, çənə oynaqlarında ciddi problemlərə gətirib çıxara bilər.
Uşaqlarda
Müəyyən yaşa qədər uşaqlarda diş qıcırdatma böyümə ilə bağlı dəyişikliklərlə əlaqədardır və çox vaxt normal sayılır. Davam edərsə və ya şikayət yaradırsa, müayinə lazımdır.
Müalicə
- Gecə qoruyucusu (kappa). Ən çox tətbiq olunan üsuldur. Sərt materialdan, qarşı çənənin dişləri ilə tam təmasda olacaq formada hazırlanır və adətən üst çənəyə taxılır. Yuxu zamanı dişlər bir-birinə daha az toxunur, aşınmanın qarşısı alınır.
- Əlavə tədbirlər: stresin idarə olunması, rahat yuxu üçün tədbirlər, həkim təyini ilə əzələ gərginliyini azaldan dərmanlar, səhv düzəldilmiş plomb və qapaqların yenilənməsi, əskik dişlərin bərpası.
- Kompleks yanaşma. Çənə sistemində dəyişiklik yaranıbsa, 3D müayinə aparılır, ölçülər alınır, düzgün dişləm təyin olunur. Sonra müvəqqəti qapaqlarla dişləm qaldırılır. Çənə və oynaqlar yeni vəziyyətə uyğunlaşandan bir neçə ay sonra müvəqqəti qapaqlar daimi ilə əvəz olunur.
- Nevroloji müalicə və botulinum toksini müvafiq ixtisaslı həkim tərəfindən.
Vinir, plomb və şinalama kimi işlər bəzən bruksizm nəzarətə alınana qədər təxirə salınır: yüksək yük konstruksiyaları zədələyə bilər.