Ağız cərrahiyyəsi

Ağıl dişlərinin çəkilməsi

Sxematik təsvir: retensiyalı ağıl dişi və sinir kanalı

Qısa cavab

Ağıl dişləri (üçüncü azı dişləri, «səkkizlər») adətən 17–25 yaşlarında çıxmağa başlayır. Çənədə yer çatmadıqda və ya düzgün yerləşmədikdə ağrı, iltihab (perikoronit), qonşu dişin çürüməsi kimi problemlər yarada bilər. Problem yaradan ağıl dişləri çəkilir, heç bir şikayəti və patologiyası olmayan dişlər isə müşahidə oluna bilər. Qərar müayinə və rentgendən sonra verilir.

Hansı hallarda çəkim tövsiyə olunur?

  • Təkrarlanan perikoronit: ağıl dişi nahiyəsində şişkinlik, qızartı, irin, ağız açmaqda çətinlik.
  • Qonşu (yeddinci) dişdə dərin çürük və ya onun itirilməsi riski.
  • Nahiyədə daim qida yığılması və ağız qoxusu.
  • Kista və ya digər patologiya.
  • Diş yanlış bucaq altında böyüyür, yanağı və ya diş ətini zədələyir.
  • Ortodontik müalicə planı ilə bağlı ortodontun tövsiyəsi.

Nə vaxt müşahidə kifayətdir?

Dr. Mirzəyevin tövsiyəsinə görə, ağıl dişlərinin çəkilməsi barədə qərar 16 yaşdan sonra, müayinə əsasında verilməlidir. Ağıl dişlərinin inkişafı təxminən 30 yaşa qədər davam edir. Ağıl dişlərində heç bir problemi olmayan 30 yaşdan yuxarı insanlarda sonradan problem yaranma ehtimalı azdır. Ona görə 10–27 yaş arasında müntəzəm stomatoloji müayinə vacibdir: dişin inkişafı izlənilir, problem yaranmadan müdaxilə etmək mümkün olur.

Əməliyyat necə aparılır?

  1. Rentgen və ya 3D müayinə. Dişin çənədəki mövqeyi, köklərin sayı və forması, aşağı çənədə sinir kanalı ilə, yuxarı çənədə haymor boşluğu ilə münasibəti öyrənilir.
  2. Yerli anesteziya.
  3. Atravmatik çəkim. Lazım olduqda diş ətində kəsik aparılır, sümüyün kiçik bir hissəsi götürülür, diş hissələrə bölünərək çıxarılır. Məqsəd sümüyü və yumşaq toxumaları mümkün qədər qorumaqdır.
  4. Yuvanın təmizlənməsi. Lazım olduqda pasiyentin öz qanından alınan fibrin membranı (PRF) qoyulur.
  5. Tikiş və tövsiyələr.

Əməliyyatın müddəti dişin mövqeyindən və mürəkkəbliyindən asılıdır.

Mümkün ağırlaşmalar

Ağıl dişinin çəkimi ciddi əməliyyatdır. Qeyri-dəqiq iş sinir zədələnməsi, çənə sınığı və ciddi iltihablarla nəticələnə bilər. Mümkün hallar: şişkinlik və ağız açmada müvəqqəti məhdudiyyət; alveolit (quru yuva); aşağı dodaqda və ya dildə keyimə (çox vaxt müvəqqəti); yuxarı çənədə haymor boşluğu ilə əlaqə; nadir hallarda çənə sınığı. Riskləri azaltmaq üçün çəkim 3D müayinəyə əsaslanan planla aparılır.

Çəkimdən sonra

Ətraflı qaydalar: Diş çəkildikdən sonra: ilk günlər və sağalma.

Bu xidmət haqqında suallar

Ağrıyan ağıl dişini ağrıkəsici ilə gözləmək olarmı?

Ağrıkəsici, qarqara və ya mixək kimi vasitələr müvəqqəti rahatlıq verə bilər, amma səbəbi aradan qaldırmır. Şişkinlik artırsa, ağız açılmırsa və ya hərarət varsa, təcili müraciət etmək lazımdır.

Yuxarı və aşağı ağıl dişləri eyni gündə çəkilə bilərmi?

Bəzi hallarda bəli. Həkim dişlərin mürəkkəbliyinə və pasiyentin ümumi vəziyyətinə görə qərar verir.

Dr. Tural MirzəyevÜz-çənə cərrahı · implantoloq

Qəbula yazılın

Zəng edin və ya mesaj yazın — müraciətinizi qəbul günləri ilə uyğunlaşdıraq.

Əlinizdə 3D tomoqrafiya (KT) varmı?
Dr. Tural Mirzəyev

Dr. Tural Mirzəyev

Üz-çənə cərrahı, cərrah-implantoloq

Dental Oasis · Hüseyn Cavid prospekti, Bakı